Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".
Azərbaycan və Türkiyənin iqtisadi sahədə münasibətlərini daha da möhkəmləndirəcək əsas məqamlardan biri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi olacaq. Hazırda tikintisi davam edən bu dəmir yolunun həm də Naxçıvana kimi uzadılması nəzərdə tutulur. Bu isə Naxçıvanın mərkəzlə kommunikasiya əlaqələrində yeni mərhələnin başlanması, muxtar respublikanın iqtisadi cəhətdən daha da güclənəcəyi deməkdir. Hazırada Naxçıvanın həm iqtisadi sferada sürətlə inkişaf etməsində, həm də təhlükəsizliyinin təmin olunmasında qardaş Türkiyə böyük rol oynayır. Artıq gələn ayın 17-dən etibarən, Naxçıvana hava yolu ilə daşınmalara başlanacaq. Ölkəmizdə səfərdə olarkən bu məsələyə münasibət bildirən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bununla əlaqədar qeyd etmişdir: "Bildiyiniz kimi, iyunun 17-də hava yolu ilə daşınmalara başlayacağıq və böyük ehtimalla xarici işlər nazirlərimiz, inşallah, açılış mərasimində iştirak edəcəklər. Türk hava yolları həftədə 3 dəfə İstanbuldan Naxçıvana səfərlər həyata keçirəcəkdir".
Hörmətlə: Təlim-tərbiyə işləri üzrə direktor müavini Nəcəfquliyev Pənah.


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız