İki qardaş ölkənin xalqlarının eyni dilə, dinə, soykökə bağlı olması bizləri hər zaman doğmalaşdırıb. Bu əbədi və ayrılmaz qardaşlığın tarixi də əzəmətli yol keçib.
1918-ci il 28 mayda yaradılmış şərqin ilk müsəlman-türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Osmanlı dövlətinin dəstəyi, köməyi misilsiz və danılmazdır. Qardaş ölkə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi və sentyabr ayının 15-də Bakını işğaldan azad etdi. Bu qardaşlıq tariximizin ən şanlı səhifəsi kimi öz möhürünü vurdu.
XX əsrin əvvəllərində mühacirət həyatı keçirməyə məcbur edilən bir çox Azərbaycan ziyalıları-Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, A.İldırım və s. kimi şəxsiyyətlər Türkiyədə fəaliyyət göstərmiş, Türkiyənin ictimai-siyasi həyatında fəal iştirak etmişlər.
Yüksək əməkdaşlıq, dostluq, bir-birinə olan səmimi münasibət Azərbaycanın müstəqilliyi dövründən daha da dərinləşdi. Türkiyə Azərbaycanın müstəqillik və suverenliyini tanıyan ilk ölkələr sırasında oldu.
Ulu öndər H.Əliyevin söylədiyi “Bir millət, iki dövlət” kəlamı tarixi qardaşlığımızın əbədi olacağına inamını əks etdirmişdir.
Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev də hər zaman bu tarixi qardaşlığa, Türkiyə-Azərbaycan münasibətlərinə xüsusi dəyər vermiş, Türkiyə dövlətinin hər an yanında olacağını xüsusi vurğulanmışdır.
Vətən müharibəsi dövründə Türkiyə dövlətinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək tarixə düşmüş qardaşlığın təmannasız olduğunu bir daha sübut etdi. İndi də dövlətimiz bu tarixi qardaşlığı təhsil, səhiyyə, iqtisadi və digər sahələrdə əməkdaşlıq etməklə dostluğumuzu daha da dərinləşdirir. Ölkələrarası münasibətlərin inkişafı nəticəsində minlərlə azərbaycanlı Türkiyənin müxtəlif universitetlərində təhsil alır,
kurs təhsili və təcrübə mübadiləsi keçir. Türkiyənin öndə gedən müəllim, professor, həkimləri ilə sıx əlaqələr qurulur, onların praktika və təcrübəsindən istifadə edilir.
Bütün bu və digər mühasibətlər Türkiyə və Azərbaycan dövlətlərinin qardaşlığını daha da sıxlaşdırır və əsl dostluq nümunəsi kimi tarixə həkk edir.Yaşasın ayrılmaz Türkiyə və Azərbaycan qardaşlığı.
Hörmətlə: Azərbaycan-dili müəllimi Cəfərzadə Aysel.