İlham Əliyevin təmin etdiyi şanlı Qələbə
Tarixinin ən güclü dövlətinə çevrilməsi və müstəqil siyasət yürütməsi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını şərtləndirən amillərdir
İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətçiliyimizin ən şərəfli səhifələrindən birini yazdı. 18-ci əsrdən etibarən əsarətə məruz qalan xalqımız bu qalibiyyətlə son 200 illik dövrdə ilk dəfə olaraq işğal altına düşmüş torpaqlarını güc yolu ilə azad etdi.
Öz haqqını qorumaq, pozulmuş hüquqlarını təmin etmək bugünkü ziddiyyətli və dəyişkən beynəlxalq münasibətlər sistemində hər dövlətə nəsib olan imkan deyil. Yaxın, uzaq coğrafiyamızda kifayət qədər ölkə göstərmək olar ki, haqsız şəkildə təzyiq və təsirlərə məruz qalıb, ərazi bütövlüyü pozulub, vətəndaşları hansısa xarici maraqların qurbanına çevrilib. Ələlxüsus güc amilinin beynəlxalq hüquqdan önə keçdiyi indiki şəraitdə bir çox dövlət beynəlxalq ictimaiyyətin laqeyd münasibətinin formalaşdırdığı vəziyyətlə sadəcə barışmalı olub.
1990-cı illərin əvvəllərində torpaqları işğal olunan Azərbaycan da bu taleyi yaşamışdı. Sonrakı illərdə aparılan danışıqlar elə beynəlxalq ictimaiyyətin laqeyd münasibətinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səmərəsiz fəaliyyətlərinin yekunu olaraq nəticəsiz qalmışdı. Amma Azərbaycan dövləti bu illərdə heç vaxt həmin vəziyyətlə barışmamış və istənilən yolla torpaqlarını işğaldan azad edəcəyini bəyan etmişdi. Artıq zaman yetişdi və Ordumuz 44 gün ərzində işğal altında olan rayonlarımızın böyük bir qismini, Qarabağın ürəyi Şuşanı azad etdi. Azərbaycan öz qələbəsi ilə həm də Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Ermənistanın kapitulyasiyasının təsdiqi olan bəyanata əsasən bu gün Kəlbəcər rayonu Azərbaycan Ordusunun nəzarətinə keçir. Noyabrın 20-dək Ağdam, dekabrın 1-nə qədər isə Laçın rayonundan işğalçı qüvvələrin qalıqları çıxarılacaq.
Bu qələbə ilə bağlı çox danışılacaq. Üstündən illər, onilliklər, hətta yüzillər ötsə də, Azərbaycanın bu tarixi qalibiyyətinə müraciət ediləcək, bir dövlətin, bir xalqın öz haqq işi uğrunda mübarizəsi bütün dünyada nümunə kimi göstəriləcək. Bu qələbə həm də tədqiq ediləcək və böyük olmayan dövlətin belə möhtəşəm uğura nail olmasının səbəbləri tarix boyu ciddi öyrəniləcək, araşdırılacaq.
Ötən ay Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 17 ili tamam oldu. Bu dövrün respublikamızda hansı dəyişikliklərlə əlamətdar olduğu 17 ilin siyasi, iqtisadi və sosial mənzərəsinin fonunda olduqca aydın görünür. Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davamı, eyni zamanda bu siyasətin dövrün çağırışlarından irəli gələrək zənginləşdirilməsi Azərbaycanı tarixinin ən inkişaf etmiş, ən güclü dövlətinə çevirdi.
Bugünkü Azərbaycanla nəinki müstəqilliyimizin ilk illərinin, heç 10 il əvvəlin Azərbaycanı arasında fərq müqayisəolunmazdır. İlham Əliyevin düşünülmüş, əsaslandırılmış siyasəti nəticəsində dövlətimiz hər il əvvəlki ildən daha möhtəşəm nailiyyətlərə imza atır.
Hörmətlə: Azərbaycan dili və Ədəbiyyat müəllimi - Mustafayeva Elnarə