Bayraq Günü

Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.
Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir.
Hər bir azərbaycanlı kimi, mən də babalarımızın qurduğu bu azad və müstəqil dövlətlə, onun rəmzləri ilə fəxr edirəm. Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb. Üçrəngli bayrağımız 1918-ci il Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət rəmzi kimi qəbul edilib. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası üzərində dalğalandı. Məhz o zaman da Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə parlamentin ilk iclasında «Bir kərə yüksələn bayraq, bir daha enməz» məşhur kəlamını söyləmişdir.Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci ildə qonşu iri dövlətlərin mənfur planları nəticəsində süqut etdi. 70 il Azərbaycan xalqı doğma və əziz bayrağından zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azərbaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi. Əzm və sücaət göstərdi, nəhayət, o gün gəlib çatdı.
Azərbaycanın dilbər guşəsi olan Qarabağ uğrunda başlanan meydan hərəkatının ilk günlərindən üçrəngli bayrağımız Azadlıq meydanında əbədi məskən saldı. Milyonlarla vətən övladı məhz bu bayrağın altında Azərbaycanın bütövlüyü uğrunda döyüşlərə atıldı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi barədə tarixi qərar verdi . Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş - mavi, qırmızı, yaşıl rəngli üç zolaqdan ibarətdir. Mavi rəng xalqımızın türk mənşəyini, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng islam sivilizasiyasına mənsubluğunu ifadə edir.
Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağım mənim qürur və varlığımın təcəssümüdür. Bayrağım dalğalanırsa mən də varam. Bayraq hər bir millətin imzasını, onun kimliyini isbat edən bir varlıqdır. Onu başı üzərində uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur!

Tarix müəllimi: Mustafayeva Ramilə


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız