Zəfər paradı- Qələbəmizin rəmzi

Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi. 2020-ci il dekabrın 10-da paytaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Şanlı ordumuz işğal altında olan ərazilərimizi azad etməklə düşmən üzərində misli görünməmiş qələbə qazandı. 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır. Ordumuzun maddi-texniki bazasının zənginliyi, istifadəsində olan texnika və silah-sursatın bir hissəsi paradda əyani şəkildə nümayiş etdirildi. Hər kəs Azərbaycan Ordusunun müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu. Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Bakının Azadlıq meydanından keçən hərbi texnikaların sırasında vaxtilə Ermənistana məxsus olan texnikaların da yer alması sevindirici məqam idi.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını izləməsi, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü oldu. Qardaş Türkiyə hərbçilərinin paraddakı keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı. Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir.


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız