26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycanı parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər. Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.
AXC hökumətinin 1918-ci il 26 iyun tarixli qərarı ilə, əsasən azərbaycanlılardan ibarət olan Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Ordumuz Ermənistanın təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilmişdir. 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul etdi. Prezident Heydər Əliyevin 22 may 1998-ci il fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu gün əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun tarixi ənənələri yeni müstəvidə qorunub saxlanılır, inkişaf etdirilir. İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır. 104 yaşlı Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.
Tarix müəllimi: Ramilə Mustafayeva