26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu.
2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində — noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı.
Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olundu. Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, ümumən bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi Qarabağ zəfəriylə Cənubi Qafqazda yaranan yeni geopolitik mənzərəsinin təhlili iki qardaş və dost dövlətin hərbi əməkdaşlığının rolunu və əhəmiyyətini bir daha ortaya qoyur.
2021-ci il İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə tarixi səfərləri və burada imzaladıqları Şuşa Bəyannaməsi Azərbaycanın hərbi qüdrətinin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tarix müəllimi: Aytən Muradova


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız